İran-ABŞ müharibəsi regional və qlobal iqtisadi sabitlik üçün ciddi risklər yaradır. Ticarət axınlarının pozulması, nəqliyyat dəhlizlərinin məhdudlaşması və təchizat zəncirlərində qırılmalar əsas geoiqtisadi təhlükələr kimi qiymətləndirilir. Eyni zamanda mümkün miqrant axınının sosial infrastruktur və əmək bazarına təsiri də müzakirə olunur.
Belə olan halda İran-ABŞ müharibəsi Azərbaycan üçün hansı riskləri yaradır?
Milli Məclisin deputatı Vüqar Bayramov Hafta.az-a İran-ABŞ müharibəsinin enerji, logistika ilə bağlı hansı problemlər yaratma ehtimalı barədə danışıb.
- İran-ABŞ müharibəsi enerji bazarlarında kəskin dalğalanmalara səbəb olacağı təqdirdə, bu proses neft və qaz gəlirlərinə qısamüddətli və uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?
- İranda baş verən müharibə yalnız Azərbaycan istehlak bazarına deyil, eyni zamanda qlobal neft bazarına da təsirsiz ötüşmür və gözlənilən də deyil. Nəfsi etibarilə, neftin ixracı və daşınmasında yaranan problemlər artıq dünya bazarında qiymət artımına səbəb olur. Belə ki, yeni həftənin başlanğıcında neft qiymətləri 6%-dən çox artıb. Brent markalı mart ayı neftinin qiyməti artıq hər barrel üçün 80 dollara çatıb. Bu baxımdan gözlənilir ki, neftin dünya bazarında qiyməti daha da yüksələcək.
Azərbaycan neft ixrac edən ölkədir və neftin dünya bazar qiymətinin artması ölkəyə daxil olan valyuta gəlirlərini artırır. Praktik olaraq, neftin qiymətindəki artım neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini yüksəldir.
Hazırkı vəziyyətə görə, müharibə davam edərsə və regionu əhatə edərsə, neftin dünya bazar qiymətinin hətta 100 dollar səviyyəsinə yüksəlməsi mümkündür. Analitiklər xüsusən qeyd edir ki, əgər Hörmüz boğazı bağlanarsa və yüklərin daşınmasında çətinliklər yaransa, qiymət artımı davam edəcək. İndiki halda proqnozlar göstərir ki, müharibənin təsiri ilə neft qiymətləri 80–90 dollar arasında dəyişəcək. Bununla belə, qiymətlərin dəqiq səviyyəsi yüklərin daşınması vəziyyətindən və müharibənin müddətindən asılı olacaq. Uzunmüddətli perspektivdə isə münaqişə neftin dünya bazar qiymətində əlavə artımlara səbəb ola bilər. Hər halda, neftin dünya bazar qiymətinin artması neft ixrac edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün, valyuta gəlirlərinin artması deməkdir.
- Regionda nəqliyyat və logistika xətlərinin pozulması ölkənin tranzit və ixrac potensialına hansı təsirləri göstərə bilər?
- Təbii ki, müharibənin genişlənməsi, xüsusən Hörmüz boğazının bağlanması, enerji məhsullarının daşınmasında olduğu kimi, digər məhsulların daşınmasında da çətinliklər yaradır. Bu səbəbdən regionda nəqliyyat və logistikanın vəziyyəti birbaşa müharibənin miqyasından və davametmə müddətindən asılı olacaq. Müharibənin miqyasının artması regional nəqliyyat və logistika üçün ciddi çətinliklər yaradır. Bu, region ölkələri üçün arzuolunan vəziyyət deyil, çünki ölkələrdən keçən yüklərin nəzarət altında saxlanmasına və nəqliyyat proseslərinin pozulmasına səbəb ola bilər. Eyni zamanda, müharibənin uzun müddət davam etməsi bəzi məhsulların qiymətlərinə təsir göstərə bilər, çünki müəyyən məhsullar üzrə region bazarında qıtlıq riski yaranır. Hazırkı vəziyyətdə isə hər hansı kütləvi miqrasiya müşahidə olunmur, lakin risklər diqqətdə saxlanmalıdır.
- Kütləvi miqrasiya ehtimalı dövlət büdcəsi və sosial xərclər baxımından hansı əlavə yükü yarada bilər?
- Hazırda hər hansı kütləvi miqrasiya müşahidə edilmir. Sadəcə bəzi dövlətlərin və dövlət rəsmilərinin açıqlamaları nəticəsində həmin ölkələrin vətəndaşlarının Azərbaycan üzərindən keçidi baş verir. Buna görə də Azərbaycanda bu istiqamətdə qabaqlayıcı tədbirlər görülür və davam etdirilir. Azərbaycan regionda sülhün və əməkdaşlığın genişlənməsində maraqlı olan ölkədir. Eyni zamanda ölkənin və vətəndaşların təhlükəsizliyi əsas prioritetdir. Hazırkı vəziyyət göstərir ki, sərhədi keçən şəxslərin sayı kütləvi miqrasiya riskini ortaya qoymur. Bu baxımdan həm əmək qabiliyyətli miqrantların, həm də digər keçidlərin idarə olunması üzrə tədbirlər davam etdirilir və qabaqlayıcı xarakter daşıyır.
- İnflyasiya, ərzaq təhlükəsizliyi və daxili bazarın sabitliyi baxımından hansı risklər proqnozlaşdırılır?
- Təchizat bazarının qorunması təbii olaraq vacibdir. Azərbaycanın idxalında İranın payı 16%, ümumi ticarət dövriyyəsində isə cəmi 1,3%-dir. Bu o deməkdir ki, İranla baş verən müharibə Azərbaycanın istehlak bazarının tarazlığına ciddi təsir göstərmir.
Lakin bəlli məhsullar var ki, onların birbaşa İrandan idxalı, xüsusən ərzaq, kənd təsərrüfatı və tikinti materialları baxımından, qiymət artımlarının qarşısını almaq üçün alternativ bazarların tapılması və idxalın diversifikasiyası vacibdir.
- Azərbaycanın balanslı və praqmatik xarici siyasət kursunun qorunması üçün hansı diplomatik alətlər ön plana çıxmalıdır?
- Regionda baş verən çağırışlara və təhlükəsizlik risklərinə baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini qoruyan və bu istiqamətdə siyasətini ardıcıl şəkildə gücləndirən ölkələrdən biridir. Xüsusilə cənab Prezidentin liderliyi ilə Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən birinə çevrilib. Azərbaycan regionda sülhün, əməkdaşlığın və dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasında maraqlıdır. Ermənistanla iqtisadi və ticarət əlaqələrinin qurulması istiqamətində atılan addımlar, o cümlədən yanacaq ixracı kimi təşəbbüslər də məhz sülh gündəliyinə verilən töhfə kimi qiymətləndirilə bilər. Azərbaycan–Türkiyə münasibətləri xarici siyasətdə strateji müttəfiqlik səviyyəsindədir və ölkəmiz diplomatik alətlərdən istifadə etməklə region dövlətləri ilə balanslı və praqmatik siyasət həyata keçirir. Xarici siyasətdə milli maraqların qorunması və dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi prioritet olaraq qalır. Növbəti mərhələdə də Azərbaycanın əsas hədəflərindən biri təhlükəsizliyin daha da gücləndirilməsi və regional sabitliyə töhfə vermək olacaq.
Tahirə Qafarlı